“Marathon Group”un idarə heyəti Pakistan-Azərbaycan biznes konfransında iştirak edib

“Marathon Group”un idarə heyəti Pakistan-Azərbaycan biznes konfransında iştirak edib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, tekstil, informasiya texnologiyaları, səhiyyə, qida, turizm və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, tərəflər arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Pakistan biznes ictimaiyyətləri arasında əməkdaşlıq üçün geniş imkanlar var. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Tədbirdə rəsmi şəxslərlə bərabər, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, siğorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı qatılıb.

Konfransda “Marathon Group” şirkətinin direktoru Fərid Həsənzadə Pakistan ilə Azərbaycan arasında təhsil innovasiyası və təhsil sahəsində sıx birgə əməkdaşlıq üçün müxtəlif təkliflər irəli sürüb.  Təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Çıxışda bildirilib ki, Agentlik və Pakistanın KOB-ların İnkişafı Təşkilatı arasında əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. İş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.