İNSAN RESURSLARI ŞÖBƏSİ

1.1.”MARATHON Group“un struktur bölməsi olan İnsan resursları departamenti işçilərin işə qəbulu və işdən azad olunması ilə bağlı məsələlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.2. Departament öz fəaliyyətində idarə heyətinin qərarlarını, əmr və sərəncamlarını rəhbər tutur.

1.3. İnsan Resursları öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən şirkətin struktur bölmələri, tabeliyindəki digər qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II. Departamentin fəaliyyət istiqamətləri:

2.1. Departamentin fəaliyyət istiqamətləri bunlardır:

2.1.1. Şirkətin yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsini, kadrların seçilməsini və yerləşdirilməsini təmin etmək;

2.1.2. işçilərin vəzifələrə təyin olunması və həmin vəzifələrdən azad edilməsi, həmçinin mükafatlandırılması və intizam məsuliyyətinə cəlb olunması barədə rəhbərliyə təkliflər vermək;

III. Departamentin vəzifələri

3.1. Departament aşağıdakı vəzifələri həyata keçirir:

3.1.1. Şirkətin insan resursları ilə təminatının proqnozlaşdırılması, işçilərin seçilməsi, vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi, rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, məzuniyyətə buraxılması işlərini təşkil etmək;

3.1.2. işçilərin təlim ehtiyaclarını müəyyən etmək, onların peşəkarlığının artırılması və etik davranış məsələləri üzrə tədbirlər həyata keçirmək;

3.1.3. insan resursları ilə iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq edilməsi üçün təkliflər vermək;

3.1.4. Şirkətin cari ştat cədvəli və boş (vakant) ştatlar barədə mütəmadi olaraq hesabatlar hazırlamaq;

3.1.5. Şirkətdə çalışan rəhbər işçilər üçün insan resurslarının idarə edilməsi və liderlik qabiliyyətinin artırılmasına yönəldilmiş təlim və seminarların keçirilməsini təşkil etmək;

3.1.6. Müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

IV Departamentin hüquqları:

4.1. Departament öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, departamentin fəaliyyət sahəsində təkmilləşmələrin və yeniliklərin tətbiq edilməsini təklif etmək;

4.1.2. Şirkətdə insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

4.1.3. Fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.4. Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaradılması ilə bağlı təkliflər vermək;

4.1.5. Müstəqil ekspertlərin və mütəxəssislərin öz fəaliyyətinə cəlb edilməsi ilə bağlı təkliflər vermək;

V. Departamentin fəaliyyətinin təşkili

5.1. Departamentin strukturuna aşağıdakı şöbələr daxildir:

  • İşə qəbul və kadrlarla iş şöbəsi;
  • Təlim və insan resursları şöbəsi.

5.2. Departamentin işçiləri Şirkətin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və azad edilir.

5.3. Departamentə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan müdir rəhbərlik edir.

5.4. Departament müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1.Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Departamentin işçiləri arasında vəzifə bölgüsü aparır və onların qarşılıqlı fəaliyyətini təmin edir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. Departamentin vəzifələrinin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalayır, iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

5.5.4. Departamentin əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərinin həvəsləndirmə vasitələri ilə mükafatlandırılması və əmək və icra intizamını pozan işçiləri barəsində intizam tənbeh tədbirlərinin görülməsi haqqında şirkət rəhbərliyinə təkliflər verir;

5.5.5. Departamentin fəaliyyəti barədə şirkət rəhbərliyinə mütəmadi olaraq hesabat verir;

5.6. Departament müdiri olmadıqda onun səlahiyyətlərini müvafiq qaydada müəyyən edilmiş şəxs həyata keçirir

VI Departamentin strukturuna daxil olan şöbələrin vəzifələri:

6.1. İşə qəbul və kadrlarla iş şöbəsinin vəzifələri aşağıdakılardır:

6.1.1. Şirkətin İdarə Heyətinin qərarlarının, İdarə Heyətinin sədrinin əmr və sərəncamlarının layihələrini hazırlamaq və ya digər struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək;

6.2. Təlim və insan resursları şöbəsinin vəzifələri aşağıdakılardır:

6.2.1. Şirkətin yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi, işə qəbul prosesinin təkmilləşdirilməsi, işçilərin seçilməsi, yerləşdirilməsi istiqamətində səlahiyyəti daxilində kadr strategiyasını həyata keçirmək;

6.2.2. Müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

6.2.3. Şirkətdə işçilərin işə qəbulu, işdən azad edilməsi, rotasiyası, mükafatlandırılması və intizam məsuliyyətinə cəlb edilməsi ilə rəy və təkliflər vermək;

6.2.4. Effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsi, insan resurslarının idarə edilməsində obyektivliyin, bərabərliyin, qərəzsizliyin və şəffaflığın təmin edilməsi ilə bağlı təkliflər hazırlamaq;

6.2.5. Şirkət əməkdaşlarına mükafatlar təqdim etmək, onların həvəsləndirilməsi, peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

6.2.6. Şirkət işçilərinin şəxsi işlərinin aparılmasını təmin etmək, habelə əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək;

6.2.7. İşçilərə xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;

6.2.8. Qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsini, onların qeydiyyatının aparılmasını, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsini və uçotunun aparılmasını təmin etmək;

6.2.9. Şirkətin ümumi strukturu üzrə ştat cədvəllərinə dəyişikliklər edilməsini, onların yenidən hazırlanmasını və yenidən təsdiqi üçün təqdim olunmasını həyata keçirmək;

6.2.10. İnsan resursları sahəsində fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək.